XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası vətənpərvərlik mövzusunda tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 13:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirib.

Tədbirdə gənc yazar Sevil Gül Nurun Vətən yolunda canını qurban edən igid Azərbaycan oğulları haqqında yazdığı "Şəhadət sarayı" adlı kitabı təqdim edilib.

Tədbiri giriş sözü ilə açıq elan edən məktəb direktoru Natəvan Əsədova müəllifə təşəkkür edərək belə kitabların daha çox yazılmasının zəruriliyini vurğulayıb. O qeyd edib ki, bu kitabların təbliği şagirdlərdə vətənpərvərlik hissinin artmasına, onlarda milli qürurun formalaşmasına xidmət edir. Çıxışının sonunda N.Əsədova hər bir yazarın bir şəhid haqqında kitab yazmasını istədiyini bildirib.

Sonra baş kitabxanaçı Aygün Əliyeva çıxış edərək, kitab haqqında geniş məlumat verib və şagirdləri bu kitabı oxumağa səsləyib. Kitabda Azərbaycanın tarixi, Milli Qəhrəmanları haqqında məqalələr, eləcə də müəllifin şeirləri və esselərinin olduğunu bildirən A. Əliyeva şagirdlərin bu kitabdan çox şey öyrənə biləcəklərini vurğulayıb.

Daha sonra kitabxananın informasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, sistem inzibatçısı Dürdanə Talıblı çıxış edərək kitabda qeyd olunan bir neçə qəhrəman haqqında danışıblar.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova da gənc yazarın bu addımını alqışlayıb və şagirdlərin Milli Qəhrəmanlarımızı tanıması üçün gözəl təbliğat vasitəsi olduğunu qeyd edib.

Tədbirdə iştirak edən şəhid Əhməd Abdullayevin oğulları Hüseyn və Nihat da öz növbələrində şəhidlərin adını uca tutaraq onları unutmayıb haqqında kitab yazdığı üçün Sevil Gül Nura təşəkkür ediblər.

Müəllif öz çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib bu mövzuda olan tədbirlərin şagirdlərdə Vətənə məhəbbət, düşmənə nifrət hissinin yüksəldilməsində böyük rol oynadığını, onlarda xalq, millət sevgisinin çoxalmasına xidmət etdiyini söyləyib. Şagirdlərin suallarına cavab verən müəllif bu sualların onun üçün maraqlı və gözlənilməz olduğunu qeyd edərək şagirdlərə təşəkkür edib.

Məktəbin 8-ci və 9-cu sinif şagirdlərinin ifasında müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər səslənib.

Sonda şairə-yazar məktəb kitabxanası üçün kitab hədiyyə edib.

 

Baxış sayı: 988