XƏBƏRLƏR
MƏLUMAT
Bakıda keçirilən yay caz günləri festivalında israilli ifaçılar çıxış ediblər
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 16:47

Paytaxtımızda “Baku summer jazz days” (Bakı yay caz günləri) festivalı davam edir.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci konserti iyunun 12-də Beynəlxalq Muğam Mərkəzində İsrail caz mədəniyyətini təmsil edən Adam Ben Ezranın triosu ilə dinləyicilərin görüşünə gəlib.

Musiqili gecəni radio və televiziya verilişləri aparıcısı Tofiq Həsənsoy açaraq tədbir barədə məlumat verib.

İsrailin ölkəmizdəki səfirinin birinci müşaviri xanım Avital Rosenberq bildirib ki, belə bir dost ölkədə israilli musiqiçilərin çıxışından çox məmnundur. Səfirin müşaviri israilli ifaçıları iştirakçılara təqdim etdikdən sonra rəngarəng etno-caz axşamı başlayıb.

Konsertdə Adam Ben Ezra israilli digər həmkarları – bas-gitaraçı Adam Amitay və zərbçi, perkussiyaçı Gilad Dobreçkinin iştirakı ilə çıxış edib.

Adam Ben Ezra müasir caz aləminin gənc və novator ifaçılarından biri kimi tanınıb. “Double bass” adlandırılan yeni ifa üsulunu kəşf etməklə A.Ben Ezra müxtəlif layihələr yaradıb, həm pop, rok üslublarını qovuşduran, eləcə də etno-caz, füjn caz cərəyanlarını əhatə edən musiqisi ilə şou-keyslər, musiqi klipləri təqdim edir. Onun solo kontrabasda, həm də trio və digər heyətlərlə konsertləri bir çox festivallarda yer alır.

“Mən doğma yəhudi və yəmən xalq musiqisindən əlavə, klassik və dünya musiqi mədəniyyətindən, müxtəlif xalqların folklorundan ilhamlanıram”, – deyə israilli ifaçı bildirib. O, özünü yalnız caz ifaçısı deyil, dünyəvi və etno-rok, füjn qovuşmasında olan bir musiqinin nümayəndəsi hesab edir. Müxtəlif alətlərdə - klarnet, fortepiano, ud, gitara, violində ifaları ilə Ben Ezra multiinstrumentalist ifaçı kimi də ad qazanıb və bu cəhət onun çıxışlarına rəngarənglik, beynəlmiləllik qatır. Xüsusən də müxtəlif milli musiqi mədəniyyətlərini - yəhudi, ispan, ladino, hind, Afro-Amerika xalq elementlərini səlis bir üslubda birləşdirərək Adam Ben Ezra hər zaman rok və Şərq aləminin gözəl çalarlarını dinləyicilərə sevdirən hərarətli çıxışları ilə şöhrət qazanır.

 

Baxış sayı: 27300