XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2019 13:14

Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və bir sıra Bakı şəhər orta məktəblərinin iştirakı ilə II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib. Bu Festival 2014-cü ildən etibarən Bakı Avropa Liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “Sərhədsiz Diplomatiya” (“World Wide Diplomacy”) Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində ikinci ildir ki keçirilir.

AZƏRTAC xəbər verir ki, builki festivalda dünyanın 17 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekspozisiyası, rəsmləri, folklor nümunələri (kiçik pyeslər, xalq musiqi və rəqs nömrələri, xalq kostyumları) təqdim olunub. Festivalı qeyri-adi edən özünəməxsus xüsusiyyətlərindən biri müxtəlif ölkə xalqlarının dilində canlı olaraq səhnələşdirilmiş kiçik pyes nümunələrinin təqdim edilməsi idi.

Ölkəmizi təmsil edən festival iştirakçıları Bakının 4 məktəbinin (Bakı Avropa Liseyi, Bülbül adına musiqi orta məktəbi, Bakı Xoreoqrafiya məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası) 200 nəfərdən çox əksər kiçikyaşlı 1-6-cı sinif şagirdləri olub.

Qeyd etmək lazımdır ki, “Sərhədsiz Diplomatiya” Layihənin əsas məqsədi yeni, açıq, humanist, pozitiv düşüncəli nəsil yetişdirməkdir. Layihə iştirakçıları xalqların çoxşaxəli etnik və mədəni ənənələri ilə tanış olmaqla yanaşı, eyni zamanda ümumbəşəri dəyərləri dərk edirlər. Layihənin 5 illik fəaliyyəti zamanı dünyanın 14 ölkəsindən uşaqlar WWD iştirakçısı olmuş, layihənin qarşısına qoyduğu məqsədlərə müvafiq olaraq müxtəlif tədbirlər keçirilib: 3 konfrans, ekoloji aksiya, Yaponiyaya səfər baş tutmuş, uşaqlar üçün xüsusi treninqlər həyata keçirilib. 2017-ci ildə bu layihənin bazası əsasında Beynəlxalq Uşaq Diplomatiya Mərkəzi təşkil edilmiş və bu işə Bakının müxtəlif məktəbləri cəlb edilib.

Multikultural bir cəmiyyətdə yaşamağımızı və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasını nəzərə alsaq, bu layihənin əhəmiyyətini və davamlı ola biləcəyinə inamımızı vurğulamaq istərdik.

Festivalda Təhsil Nazirin müavini M.Vəliyeva, Xarici İşlər Nazirin müavini A.Əzimov, təmsil edilmiş ölkələrin səfirliklərindən nümayəndələr, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət xadimləri iştirak edib və festivalın işini yüksək qiymətləndirilib.

 

Baxış sayı: 75438