XƏBƏRLƏR
MƏLUMAT
Bakıda "Azerbaijan Fashion Week" 9-cu mövsümü açılıb
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:49

Mayın 1-də Daş Salnamə Muzeyində "Azerbaijan Fashion Week" - ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümünün açılışı olub. İlk gün çərçivəsində Azərbaycan, Qazaxıstan və Ukrayna dizaynerlərinin kolleksiyalarından ibarət 6 dəfilə sərgilənib.

Azərbaycan moda həftəsinin 9-cu mövsümünə Qazaxıstanlı dizayner Alex Chzhenin özünəməxsus qadınvari-romantik stildə kolleksiyanın nümayişiylə start verilib. Modellər enliətək şlyapalarda və əsasən qara rəngli sərbəst biçimli geyimlərdə podiuma çıxıb. Düz xətlər və müxtəlif  irilikdə noxudu şəkildə printlər klassik qadınlığı vurğulayıb, hətta modellərin boyunlarındakı ipək atqılar da göstərilmiş obrazlara zəriflik və incəlik verib.

Yumşaqlıq və zərifliyin əksinə, ardıyca kişilik və brutallıq gəlib. Qazaxıstandan olan "Nomad Homme" kişi geyimləri markasına məxssus kolleksiya bu keyfiyyətlərlə fərqlənib. Bu marka kütlədən seçilməkdən qorxmayan kişilər üçün anderqraund stilində kolleksiya təqdim edib. 

Ukraynadan olan və yapon dilindən "Mükəmməl gözəllik" kimi tərcümə olunan "Mayumi" markası qonaqlara zərif donlardan ibarət kolleksiya nümayiş etdirib. 

Azərbaycan ayaqqabı markası "Çəkməçi" həm klassik, həm də avanqard modellərini tamaşaçılara təqdim edib. Podiumda model kimi "The Best Model of Azerbaijan 2007" və "The Best Model of the World 2007" titullarının sahibi Rüstəm Cəbrayılov, məşhur televiziya aparıcısı və aktyor Şəhriyar Əbilovu iştirak edib.

Gənc dizayner Mədinə Zalovanın rəhbərliyi altında Azərbaycan markası "Meeamee" tamaşaçıları yalnız orijinal, həndəsi və assimetrik geyimlərlə sevindirib. 

"Scandar" markasının debüt nümayişi ilk günə son nöqtəni qoyub. Yaradıcılıq təbiətinin ayrılmaz hissəsi kimi divanəlik – məhz bu, ruhi xəstəliklər müəssisələrində istifadə olunan sakitləşdirici köynəkləri xatırladan donlara üstünlük verən kolleksiyanın əsas şüarını təşkil edib. 

 

Baxış sayı: 27094