XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın milli musiqi alətləri Qazaxıstanın Xalq Musiqi Alətləri muzeyinə hədiyyə edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 10:11

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə ölkəmizin milli musiqi alətləri olan tar, kamança, qaval, balaban və tütək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazaxıstanın Almatı şəhərində yerləşən İxlas adına Xalq Musiqi Alətləri muzeyinə hədiyyə edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə muzeyin rəhbərliyi, Almatı şəhər Mədəniyyət Departamentinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, səfirliyin Almatı şəhərindəki təmsilçisi və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Almatı şəhər Mədəniyyət Departamentinin müdir müavini Daniyar Aliyev çıxış edərək bildirib ki, ortaq tarixi kökə və dəyərlərə sahib olan Azərbaycan ilə Qazaxıstan arasında son illər mədəni əlaqələr daha da genişlənib, bu sahədə ardıcıl işlərin aparılması nəticəsində münasibətlər xeyli dərinləşib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhəri üzrə nümayəndəsi Ramil Rzayev iki dost xalqı dərin tarixi tellərin, mədəni-mənəvi əlaqələrin bağladığını, uzunmüddətli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını bildirib. O, diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli əlaqələrin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Qeyd edib ki, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün münbit zəmin var. O, Azərbaycanın zəngin musiqi mədəniyyəti, onun tarixi haqqında tədbir iştirakçılarına məlumat verib, muzeyə hədiyyə olunan xalq musiqi alətlərinin özəllikləri və xüsusiyyətləri haqqında geniş məlumat verib.

Daha sonra, Azərbaycanın milli musiqi alətləri muzeyə təqdim edilib.

Tədbirdə İxlas adına Xalq Musiqi Alətləri Muzeyinin direktoru Uljan Baybusınova və Almatı şəhər Azərbaycanlılar Assosiyasiyanın sədri Qəhraman Sadiyev çıxış edərək muzeyin Azərbaycan xalq musiqi alətləri ilə təmin olunması kimi əhəmiyyətli təşəbbüslə çıxış etdiyinə görə ölkəmizin Qazaxıstandakı səfirliyinə və Mədəniyyət Nazirliyinə təşəkkür ediblər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Muzeyə musiqi alətlərinin hədiyyə edilməsi muzey rəhbərliyi və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Rəsmi çıxışlardan sonra Qazaxıstandakı Azərbaycan icmasından olan musiqiçilər hədiyyə olunmuş musiqi alətlərində ifalar edib və kiçik konsert proqramı təşkil olunub.

Sonda alətlər muzeyin ekspozisiya zalına yerləşdirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

Baxış sayı: 74050