XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan İspaniyanın Kadiz Universitetində keçirilən qastronomiya sərgisində təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 08:52

İspaniyanın Kadiz Universitetində Madriddə fəaliyyət göstərən Rus Assosiasiyasının təşkilati dəstəyi ilə postsovet ölkələrinin IV qastronomiya sərgisi keçirilib. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrin İspaniyada “Erasmus+” proqramı çərçivəsində təhsil alan tələbələri öz milli yemək və içkilərini təqdim ediblər. Tələbələr öz mədəniyyətlərini, adət-ənənələrini, milli yeməklərini təqdim etməklə yanaşı, yerli və xarici turistlərin marağına səbəb olan yeməklərin tarixi və necə hazırlanması ilə bağlı məlumat vermək imkanı da əldə ediblər.

AZƏRTAC-ın ispan dilində yaydığı, ölkəmizin mədəniyyətindən və tarixindən bəhs edən məqalələr dərc olunaraq universitetin tələbə və müəllim heyətinə təqdim edilib.

Tədbirdə Azərbaycanı Erasmus+ proqramı çərçivəsində Kadiz Universitetində təhsil alan, Azərbaycan Dillər Universitetinin ikinci kurs magistr tələbəsi Ülkər Rüstəmli təmsil edib. O özünün hazırladığı plovu və xəngəli iştirakçılara təqdim edib, tariximiz, mədəniyyətimiz, mətbəximizlə bağlı ətraflı məlumat verib.

Ülkər Rüstəmli sərgi iştirakçılarını Azərbaycan haqqında daha çox məlumat əldə etmələri üçün AZƏRTAC-ın ispan dilində yaydığı informasiyaları oxumağa dəvət edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Baxış sayı: 67259