XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Asiya mədəniyyət və turizm sərgisində iştirak edir
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 09:41

Azərbaycan Pekində keçirilən "Asiya sivilizasiyalarının dialoqu" konfransı çərçivəsində Asiya mədəniyyət və turizm sərgisində təmsil olunur.

Mədəniyyət Nazirliyinin və ölkəmizin Pekindəki səfirliyinin dəstəyi ilə yaradılan stenddə Azərbaycan tarixinə, mədəniyyətinə, ölkəmizin müasir inkişafına, turizm potensialına dair eksponatlar, o cümlədən şəkillər, xalçalar, musiqi alətləri, milli geyim nümunələri, kitab və nəşrlər nümayiş etdirilir. Monitorda Azərbaycan təbiətinin gözəlliklərinə, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına dair videolar nümayiş olunur.

Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin hərtərəfli inkişafı, turizm obyektləri, mədəni irsi barədə məlumat verilir, nəşrlər paylanılır.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə keçirilən "Asiya sivilizasiyalarının dialoqu" konfransı bir həftə davam edəcək. Tədbir çərçivəsində paytaxt Pekin ilə yanaşı Xancou, Quancou və Çendu şəhərlərində müxtəlif tədbirlər, forumlar, həmçinin Asiya sivilizasiyalar paradı, mədəniyyət və milli mətbəx festivalları, film və televiziya həftəsi keçiriləcək. "Asiya sivilizasiyalarının dialoqu" konfransı 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu və "Pekin Ekspo 2019" Botanika Sərgisi ilə yanaşı, bu il Çində keçirilən ən böyük üç tədbirdən biridir.

 

Baxış sayı: 3412