XƏBƏRLƏR
MƏLUMAT
Almaniyanın “Bild” qəzeti: “Bakı şəhəri Paris, Dubay və Moskvanın qarışığıdır”
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 13:49

Almaniyanın “Bild” qəzetində dərc edilən “Bakı şəhəri Paris, Dubay və Moskvanın qarışığıdır” adlı məqalədə ölkəmiz və onun paytaxtı haqqında ətraflı məlumat verilir.

Bakının 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi etməklə beynəlxalq gündəmə çıxdığı bildirilən məqalədə şəhərdə bu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun keçiriləcəyi qeyd olunur.

Məqalədə Azərbaycanın coğrafi mövqeyi haqqında ətraflı məlumat verilir, iki milyonluq əhalisi ilə Bakının Qafqazın ən böyük şəhəri olduğu vurğulanır.

Bakının qədim hissəsi olan İçərişəhərdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tikililərin, o cümlədən qala divarlarının və abidələrin olduğu nəzərə çatdırılır. Bundan başqa, şəhərdə müsəlman, yəhudi və xristian dini abidələrinin mövcud olduğu qeyd edilir.

Məqalədə Bakının müasir şəhər olduğu, paytaxtın bir az Paris, bir az Dubay və bir az da Moskva şəhərlərini xatırlatdığı, şəhərdə hündürmərtəbəli evlərlə yanaşı, qədim tikililərə də rast gəlməyin mümkün olduğu vurğulanır.

Şəhərin görməli yerləri sırasında Bakı Olimpiya Stadionunun da olduğu vurğulanır. May ayının 29-da UEFA Avropa Liqasının final oyununun bu stadionda keçiriləcəyi bildirilir. Stadionun hava limanının yaxınlığında yerləşdiyi, buraya taksi ilə gəlməyin mümkün olduğu, eyni zamanda lap yaxınlıqda Koroğlu metro stansiyasının da fəaliyyət göstərdiyi bildirilir.

Məqalənin sonunda Almaniyadan Azərbaycana necə səfər etmək barədə ətraflı məlumat verilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Baxış sayı: 8758