XƏBƏRLƏR
MƏLUMAT
ADMİU tələbələrinin Yasamal rayon MKS-də təcrübəsi başa çatıb
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 13:45

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kitabxana və informasiya” ixtisası üzrə IV kurs tələbələri fevral-may aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təcrübə keçiblər.

Tələbələrə uşaqlar üçün kitabxana layihələri və uşaqların motivasiyasının artırılması sahəsində görülən işlər, sosial layihələr, MKS-in veb saytı, nadir kitablar və “Kitab abidələri”nin müəyyən edilməsi, Toplu kataloq – milli resurs kimi, Metodika və biblioqrafiya şöbəsinin əsas fəaliyyət istiqamətləri və digər təcrübə mövzuları barədə ətraflı məlumat verilib. Təcrübəçi-tələbələr Yasamal rayon MKS-nin kitabxana filiallarının iş prinsipləri ilə də yaxından tanış olublar.

Təcrübə zamanı tələbələr – Səbinə Hüseynzadə “Kitabxanalarda oxuculara xidmət şöbəsi əsas şöbə kimi”, Mehriban Xudiyeva “Dizayn. Yeni missiya. Yeni funksiyalar”, Sənan Kərimli “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması: Elektron kitabxanalar və Elektron kataloq”, Aytəkin İmanzadə “Nadir kitablar”, Fidan Məmmədova “Kitabxanalar xidmət etdikləri ərazinin sosial problemlərini öyrənən sosial institut kimi”, Türkan Məmmədova “M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin iş təcrübəsi” və Səvud Qəribli “Sosial şəbəkələrdə kitabxanaların fəaliyyəti” mövzularında referatlar hazırlayıblar.

Yasamal rayon Mərkəzi Kitabxanasının təşkil etdiyi “Xocalı soyqırımı”, 31 mart Azərbaycanlıların Soyqırımı Günü, Cəfər Cabbarlının 120 illik yubileyi, Mülki Müdafiə Günü, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və s. ilə bağlı tədbirdə iştirak ediblər. Təcrübə zamanı tələbələr kitabxanaya üzv olaraq, İ.Nəsiminin, C.Məmmədquluzadənin, C.Cabbarlının, B.Vahabzadənin, F.Dostoyevskinin, A.Çexovun, E.M.Remarkın, Ç. Aytmatovun və s. əsərlərini mütaliə edib və onların müzakirəsində iştirak ediblər.

Baxış sayı: 71441