XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbində “Ən yaxşı birinci” adlı 1-ci məktəbdaxili müsabiqə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 09:14

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci siniflərin “Ən yaxşı birinci” adlı 1-ci məktəbdaxili müsabiqəsi keçirilib. Müsabiqəyə məktəbin direktoru Emin Nağıyev sədrlik edib. Müsabiqəyə Azərbaycan Respublikasının əməkdar artisti, mahir kamança ustası Mirnazim Əsədullayev, Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri ifaçılığı kafedrasının konsertmeysteri Məsumə Əliyeva və kafedranın müəllimi, əməkdar artist Sərxan Abıyev, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının nümayəndəsi dəvət olunublar.

İlk öncə qonaqlara məktəbin həyətyanı sahəsində rəqs sinfinin şagirdlərinin ifasında rəqs nömrələri təqdim edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Məktəbin direktoru qonaqları salamlayıb, müsabiqə barədə məlumat verib. Daha sonra qonaqlar çıxış ediblər. Dəhliz boyu rəsm sinfi şagirdlərinin sərgisi sərgilənib.

Sərgidə şagirdlər çəkdikləri rəsmlər haqqında qonaqlara məlumat veriblər.

Müsabiqənin gedişatı haqqında Emin Nağıyev məlumat verib və müsabiqəni açıq elan edib. Birincilərə uğurlar arzulamaq üçün məktəbin məzunları çıxış ediblər. Azərbaycan Milli Konservatoriyasının xanəndə ixtisası üzrə tələbəsi Nərgiz Nuriyeva və tar ixtisası üzrə tələbəsi Vaqif Təhməzov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin musiqi müəllimliyi fakültəsinin tələbəsi Bahar Təhməzova, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin vokal ixtisası üzrə tələbəsi Səbinə Abbasova öz ifaları ilə müsabiqəyə rəng qatıblar. İfalardan sonra birincilər öz çıxışlarına başlayıb. Birincilərin ifaları dinlənilib və münsiflər tərəfindən qiymətləndirilib. Müsabiqənin sonunda Emin Nağıyev çıxış edərək hər kəsə təşəkkür edib, münsiflərin qərarının və qaliblərin konsertinin yaxın günlərdə keçiriləcəyi bildirilib.

Baxış sayı: 14263