XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbi "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 15:36

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirib.

Konsertdə Baş İdarənin rəisi Cəlil Məlikov, 28 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehman Əzimov iştirak edib.

Əvvəlcə qonaqlar və müəllimlər incəsənət şöbəsinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisi ilə tanış olub.

Nəzəriyyə şöbəsinin müəllimi Məhəbbət Ələsgərova konserti açıq elan edərək, ulu öndər Heydər Əliyevin mədəniyyətə göstərdiyi qayğıdan danışıb. Qeyd edib ki, respublikaya rəhbərlik etdiyi dövrdə musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Heydər Əliyevin təşəbbüsü ilə istedadlı uşaqlar və gənclər musiqi məktəblərinə və Asəf Zeynallı adına musiqi kollecinə təhsil almaq üçün yönəldilirdi. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyası, mədəni həyatında baş verən köklü dəyişiklərin, böyük yüksəlişin müəllifi olub.

Məktəbin “Fortepiano, xalq çalğı və nəfəsli alətləri” şöbəsinin şagirdləri J.Benda, D.Cenginson, F.Şopen, İ.Quliyev, S.Rüstəmov, İ.Abdullayev, F.Əmirov, Bubentsovun əsərlərini, “Xanəndə” sinfinin şagirdləri  A.Qasımbəylinin "Azərbaycan" mahnısını məharətlə ifa edib. Rəqs sinfinin şagirdi Fəxriyyə Alızadənin ifasında hind rəqsi isə tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə öz təşəkkürünü bildirib, şagird və müəllim kollektivini konsert münasibəti ilə təbrik edib, yeni-yeni nailiyyətlər və uğurlar arzulayıb.

Baxış sayı: 88197