XƏBƏRLƏR
MƏLUMAT
3 nömrəli uşaq incəsənət məktəbi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş "Mən Bəşəriyyətə Gərəyəm!" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2019 14:42
Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbi "Atəşgah məbədi" Dövlət Tarix -Memarlıq Qoruğunda dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə şairin yaradıcılığına həsr olunmuş "Mən Bəşəriyyətə Gərəyəm!" adlı tədbir keçirib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti və kinorejissor Əbdül Mahmudov, "Nəsimi" filmində Fatimə rolunu canlandıran Əməkdar artist Xalidə Quliyeva, Nəsimişünas Fərəc Əliyev, Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, 36 və 37 nömrəli uşaq musiqi məktəblərinin direktorları Oktay Muxtarov və Möhüb Babayev, Hövsan Mədəniyyət Sarayının direktoru Vasif Rəhimov qonaq qismində iştirak ediblər.

İlk öncə məktəbin xoreoqrafiya sinfinin şagirdlərinin ifasında kompozisiya və "Nəsimi" filmindən epizodlar nümayiş olunub. Fortepiano şöbəsinin müəllimi Rəşidə İsgəndərova Nəsiminin bir neçə qəzəlini oxuyub. Məktəbin "Şəms" xalq çalğı alətləri ansamblının müşayəti ilə xanəndə sinfinin şagirdiəri Bahar Rəhimova şairin "Neylərəm" qəzəlinə yazılmış mahnısını, Gülyaz Həsənzadə isə filmdə səslənən məşhur "Yox- Yox" mahnısını ifa ediblər. Xanəndə sinfinin şagirdləri "Nəsimi" filmindən Dərvişlər obrazını canlandıraraq tədbirə xüsusi rəng qatıblar.

Tədbirdə Əbdül Mahmudov Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin "Nəsimi İli" elan olunması ilə əlaqədar təşkil olunmuş bu tədbiri dəstəkləyib və "Nəsimi" filminin çəkilişi zamanı yaşanan xoş xatirələrini bölüşüb. Filmdəki Fatimə rolu ilə tanınan aktrisa Xalidə Quliyeva da filmin çəkilişi ilə bağlı maraqlı, yadda qalan səhnələrdən, filmdə çəkilmiş tanınmış aktyorlardan ürək dolusu danışıb. Nəsimişunas Fərəc Əliyev də tədbirdə çıxış edərək Nəsiminin böyük şəxsiyyət, dahı mütəfəkkir olduğunu bir daha vurğulayıb. O qeyd edib ki, Nəsimi əvəzolunmaz düha olduğunu yazdığı qəzəlləri ilə təsdiq edib.

Tədbirin sonunda məktəbin rəsm sinfinin şagirdlərinin İmadəddin Nəsimiyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış olub və xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 7084